Noyabrın 28-də Xəzər Universitetinin Xəbər-News Qrupu Mühəndislik və tətbiqi elmlər, İqtisadiyyat və menecment və Humanitar və sosial elmlər fakültələrinin könüllülərindən ibarət yaranmaqda olan Tələbə jurnalistlər komandasının üzvləri ilə ilk iclas keçirdi.
İclası Xəbər-News Qrupunun rəhbəri, “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayev açaraq bildirdi ki, Tələbə jurnalistlər komandası universitet rəhbərliyinin tövsiyəsi ilə yaradılır və məqsəd universitetdə keçirilən tədbirlər haqqında xəbərlərin hazırlanmasında operativliyi artırmaqdan ibarətdir.
Xəbər-News Qrupunun üzvləri – Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədov, “Xəzər Xəbər” jurnalında ingilis dilində mətnlərin redaktoru Marta Lauri və Elektron media mərkəzinin direktoru Alik Əlioğlu çıxış edərək, komandanın nəzərdə tutulan iş prinsiplərindən danışdılar və komanda üzvləri üçün treninqlərin keçirilməsi qərara alındı.
Sonda komanda üzvlərinə müvafiq sənədlər paylandı və sualları cavablandırıldı.