2016-cı il noyabrın 4-də Beynəlxalq əlaqələr şöbəsinin işçi və könüllüləri cari tədris ilində (2016-2017) Xəzər Universitetinə qoşulmuş 1-ci kurs əcnəbi bakalavr tələbələri üçün oriyentasiya sessiyası keçirdilər. İştirakçılar Əfqanıstan, Kamerun, Qambiya, İran, İraq və Zimbabvedən olan yeni əyani 1-ci kurs tələbələri, həmçinin, Türkiyədən olan mübadilə proqramı tələbələrindən ibarət idi. Sessiya universitetin “Neftçilər” kampusunda baş tutdu.
Oriyentasiya sessiyası zamanı tələbələrin universitetin resursları və xidmətləri ilə tanış olmaq, digər əcnəbi tələbələri tanımaq və Azərbaycan mədəniyyəti haqqında öyrənmək imkanları oldu. Sessiya zamanı iştirakçılara Xəzər Universitetində akademik və sosial həyat, Azərbaycan tarixi, yerli mədəniyyət və adətlər, Bakıda keçirilən illik tədbirlər, Azərbaycanda əcnəbilərə aid olan qayda və qanunlar və bir çox başqa mövzularla bağlı məlumat verildi. Hazırkı əcnəbi tələbələr də sessiyada iştirak etdilər və digər əcnəbi tələbələrlə öz təcrübələrini bölüşdülər. Tələbə Məclisi və Kitabxana-İnformasiya Mərkəzinin nümayəndələri də öz resursları, xidmətləri və tələbələrin onlardan necə yararlana biləcəyi haqqında qısa təqdimat keçirdilər.
Yeni bakalavr tələbələrinin sessiya zamanı onlara verilən sualları cavablandıraraq Xəzər Universitetinin təbliğat materialları və yerli suvenirlərdən ibarət kiçik hədiyyələr qazanmaq şansı oldu.
Bir gün davam edən oriyentasiya sessiyası Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində keçirilən turla başa çatdı. Tələbələr məktəbin işçi heyəti ilə tanış oldu və laboratoriyalar, sinif otaqları, idman kompleksi və digər kampus resurslarında oldular.