2016-cı il oktyabrın 15-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında Xəzər Universiteti məzunlarının 40-cı və 41-ci buraxılış mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və qonaqlar iştirak edirdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı.
Xəzər Universitetinin rektoru Nassan Niknafs məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı.
Qeyd olundu ki, 25 il ərzində universiteti, bugünkü məzunlar da daxil olmaqla (293 bakalavr, 42 magistr), 2944 bakalavr, 616 magistr bitirmişdir. Onlardan 767-si fərqlənmə diplomu almışdır.
Xəzər Universitetinin keçdiyi yol və fəaliyyəti haqqında slayd-şou nümayiş etdiriləndən sonra Universitetin rəhbərliyi adından məzunlara ünvanlanan məktub tədbirin aparıcıları tərəfindən oxundu.
Xəzər Universitetinin Məzun Assosiasiyasının prezidenti, “Bank of Baku” ASC İdarə Heyəti sədrinin müavini Eldar Həmidov çıxış edərək bildirdi ki, aldıqları təhsil, qazandıqları bilik və bacarıqlar “Xəzər”in məzunlarına seçdikləri sahədə uğur qazanmalarına zəmin yaradır. Onlar dövlət qurumlarında, özəl şirkətlərdə çalışır, böyük layihələrə, yeniliklərə imza atırlar, xeyli hissəsi öz işlərini qururlar.
Valideynlər adından Elşən Zeynalov çıxış edərək, universitetin rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdi.
Sonra məzunlara diplomların təqdim olunması mərasimi başlandı. Diplomları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs, prorektorlar Məhəmməd Nuriyev və İsaxan İsaxanlı, dekanlar və departament müdirlərı, müəllimlər təqdim etdilər. Diplomları təqdim edənlər arasında universitetin veteranı Nanə xanım Kələntərli də vardı. O, çıxış edərək universitetdə fəaliyyətini başa vurduğunu söylədi və universitet rəhbərliyinə, doğma kollektivə uzun illər ərzində birgə işə görə minnətdarlığını bildirdi. Hamlet İsaxanlı Nanə xanımın universitetdəki əməyini yüksək qiymətləndirdi və ona təşəkkür etdi.
Diplomlar təqdim olunandan sonra məzunlar Xəzər Universitetinin andını söylədilər və xatirə şəkilləri çəkdirdilər.
Professor Hamlet İsaxanlı mərasimdə çıxış etdi. O, universitetdə yaradılmış əlverişli təhsil mühitindən, yalnız yüksək keyfiyyətli mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və “Xəzər”in beynəlxalq təşkilatların reytinq cədvəllərində daim fərqlənərək, Azərbaycan universitetləri arasında birinci yeri tutmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı bəhs etdi.
Mərasim universitetin Musiqi və incəsənət departamentinin hazırladıgı konsert proqramı ilə başa çatdı. Konsertdə departament müdiri, pianoçu, dosent Zülfiyyə Sadıqova, M. F. Axundov adına Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, Xəzər universitetinin müəllimi Fərid Əliyev, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, Çaykovski adına Moskva Konservatoriyasının magistrantı, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova, universitetin tələbə qızlardan və oğlanlardan ibarət rəqs qrupları (baletmeysterlər – Xəzər Universitetinin müəllimləri Səbinə İsmayılova və əməkdar artist Telman Əliyev), universitetin rəqs ansamblı iştirak etdilər.