Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 18-27 - də keçirilən VIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 27-də Xəzər Universitetinin Mərmər salonunda universitetin Kamera orkestri, Musiqi və incəsənət departamentinun müdiri, pianoçu Zülfiyyə Sadıqova və skripkaçı Fərhad Aşumovun (Slovakiya) iştirakı ilə iki hissədən ibarət konsert oldu. Konsertdə universitetin rəhbərliyi, müəllim və tələbələri, qonaqlar iştirak edirdilər.
Konsertdən əvvəl Xəzər Universitetinin prorektoru İsaxan İsaxanlı çıxış edərək, iştirakçıları salamladı, Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, hər il keçirilən musiqi festivalının əhəmiyyətindən, Xəzər Universitetinin festivalda fəal iştirakından danışdı.
Sonra Kamera orkestri koncert proqramı ilə çıxış etdi. Fasilədə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar incəsənət xadimi bəstəkar Sərdar Fərəcov çıxış edərək, Xəzər Universitetində Kamera orkestrinin yaradılmasının Azərbaycanın təhsil mühitində əlamətdar bir hadisə olduğunu vurğuladı, orkestrin peşəkarlığını yüksək qiymətləndirdi, Üzeyir Hacıbəylinin anadan olması ildönümü münasibətilə hər il keçirilən beynəlxalq müsiqi festivalında fəal iştiraka görə universitetin rəhbərliyinə və musiqiçi əməkdaşlarına təşəkkürünü bildirdi.
Konsertin ikinci hissəsində Zülfiyyə Sadıqova və Fərhad Aşumov fortepiano ilə skripka üçün əsərləri ifa etdilər. Konsertin hər iki hissəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi.
Sonda İ. İsaxanlı konsert iştirakçılarına təşəkkürünü bildirdi, Fərhad Aşumova hədiyyə və gül dəstəsi təqdim etdi.
Konsertdə Xəzər Universitetinin rektoru Hassan Niknafs və İraqın Azərbaycandakı səfiri Fadhil Awad Jebur Al-Shuwai iştirak edirdilər.