Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 18-27 - də keçirilən VIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 18-də bəstəkarın ev muzeyində ədəbi-musiqili tədbir oldu. Tədbirdə ədəbi və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov açaraq, dahi bəstəkarın həyat və yaradıcılığından, ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivalın əhəmiyyətindən danışdı. Sonra tədqiqatçı-publisist Aslan Kənanın “Qürbətdən gələn səslər” kitabının təqdimatı keçirildi, tədqiqatçıların məruzələri dinlənildi və musiqi proqramı təqdim olundu.
Musiqi proqramında Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu, dosent Zülfiyyə Sadıqova və universitetin Kamera orlestrinin konsertmeysteri Nəsrin Rzayeva iştirak etdilər.
Qeyd edək ki, Xəzər Universiteti hər il olduğu kimi, bu il də festivalda fəal iştirak edir. “Xəzər”in musiqiçiləri sentyabrın 23-də Üzeyir Hacıbəylinin ev muzeyində, 26-da Kamera və orqan musiqisi zalında keçiriləcək konsertlərdə iştirak edəcək, sentyabrın 27-də isə universitetin Mərmər salonunda slovakiyalı violinçi Fərhad Aşumov, Musiqi və incəsənət departametinin müdiri Zülfiyyə Sadıqova və universitetin Kamera orkestinin iştirakı ilə konsert-görüş keçiriləcək.