2016-cı il iyunun 22-də Xəzər Universiteti Neft və qaz mühəndisliyi departamentinin “EİLİNK” elmi tədqiqat və inkişaf mərkəzi BP şirkətinin sifarişi əsasında “Azəri-Çıraq-Günəşli yataqlarının analoqu olan yataqlar və yerüstü geoloji kəsilişlər üzrə struktur deformasiyaya məruz qalmış ərazilərin kollektor süxurların xassələrinin və məhsuldarlığının qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat layihəsinin yerinə yetirilməsi BP-Azərbaycan, Gürcüstan və Türkiyə regional şirkəti tərəfindən rəsmi olaraq təsdiq edilmişdir. Layihənin 9 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Layihə Azəri-Çıraq-Günəşli yataqlarının analoqu olan Abşeron neftli-qazlı rayonunun Yasamal dərəsi, Şubanı, Şabandağ, Atəşgah, Lökbatan, Puta-Quşxana, Şonqar və Korgöz-Qızıltəpə sahələrinin yerüstü geoloji kəsilişlərində geoloji planalma və çöl tədqiqat işləri nəticəsində məhsuldar qatın çökmə şəraitinin, onların laylanma formalarının və həmçinin, həmin strukturların dik yamaclı tağ hissələrində deformasiyaya məruz qalmış süxurların kollektor xüsusiyyətlərini öyrənilməsi ilə əlaqədar keçiriciliyin və məsaməliyin ölçülməsi işlərinin və həmin işlərin nəticələrinin quyu karotajı, kerna, seysmik kəşfiyyat, quyuların sınanma və hasilat məlumatları ilə inteqrasiyası əsasında Günəşli yatağının dərin sulu hissəsinin məhsuldarlığının qiymətləndirilməsinə həsr olunmuşdur. Layihə Neft və qaz mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalovun rəhbərliyi və icrası ilə və departamentin doktorantı Şəhriyar Alxaslının icrası ilə yerinə yetiriləcək. Bu layihənin yerinə yetirilməsində Xəzər Universiteti ilə “Azərbaycan Neft Mühəndisləri” İctimai Birliyinin birgə əməkdaşlığı nəzərdə tutulur.