2016-cı il iyunun 28-də Xəzər Universitetinində təxminən 40-dan çox ölkədə şöbəsi olan və elmi, mədəni fəaliyyət göstərən Yunus Əmrə İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşləq müqaviləsi imzalandı. Xəzər Universiteti ilə Yunus Əmrə İnstitutu arasında bağlanan əməkdaşlıq müqaviləsinin əsasını Türkiyədə magistratura və doktorantura pilləsində təhsil almaq istəyən Xəzər Universiteti tələbələrinə türk dili dərslərinin təşkili və sertifikatların verilməsi təşkil edir. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində müxtəlif mədəni-sosial tədbirlərin təşkili, elmi konfrans və seminarların da keçirilməsi nəzərdə tutulur.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru Dr. Hassan Niknafs, Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədli, Tarix departamentinin müdiri Dr. Roza Arazova, Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri Dr. Vurğun Əyyub, Dillər və mədəniyyətlər departamentinin müdiri Dr. Elnurə Əzizova və Yunus Əmrə İnstitutunun Bakı şöbəsinin rəhbəri Dr. İbrahim Yıldırım, Təhsil şöbəsinin koordinatoru Ali İhsan Çevik və türk dili müəllimi Aydan Umudova iştirak edirdilər.
Görüşdə, eyni zamanda, Yunus Əmrə İnstitutu ilə Xəzər Universiteti arasındakı əməkdaşlığın prespektivləri də müzakirə olundu. Görüşdən sonra qonaqlar Xəzər Universitetinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə universitetin kitabxanasını, mədəniyyət mərkəzlərini, sinif otaqlarını, laboratoriyalarını və əlaqədar qurumları gəzərək, TİKA tərəfindən qurulan Türk Dünyası Araşdırmaları Mərkəzini də ziyarət etdilər.
Xəzər Universitetinin Türkiyə ali təhsil müəssisələri və digər özəl və dövlət qurumları ilə olan sıx əməkdaşlığı qonaqlar tərəfindən təqdirlə qarşılandı.
Ziyarət görüşünün sonunda Yunus Əmrə İnstitutunun fəaliyyətini və Xəzər Universiteti ilə əməkdaşlığını bütün tələbə və müəllim heyətinin diqqətinə çatdırmaq üçün növbəti tədris ilinin əvvəlində Yunus Əmrə İnstitutu təmsilçilərinin tələbə və müəllim heyəti ilə görüşü planlaşdırıldı.