2016-cı il iyunun 22-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri cənab Robert Sekuta Xəzər Universitetinin “Imagine” komandasının ABŞ-a səfər edəcək beş üzvü və komanda lideri ilə görüş keçirdi. Məlum olduğu kimi, “Imagine” komandası P2P: Ekstremizmə qarşı Mübarizə Proqramında iştirakları çərçivəsində hazırladıqları və həyata keçirdikləri marketinq kampaniyası ilə top finalçılardan biri seçilmişdir. P2P proqramında Xəzər Universitetinin komandasının iştirakı Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi və İqtisadiyyat və menecment fakültəsi ilə birgə koordinasiya edilir.
ABŞ səfirliyi tərəfindən görüş iştirakçıları İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri cənab Stefen Qays, Mədəniyyət üzrə attaşe Emi Petersen, Sosial şəbəkələr üzrə mütəxəssis cənab Uilk Nelson, İnzibati işlər üzrə assistent Venera Əliyeva və Məzunlarla iş üzrə koordinator Səbinə Abdullayeva idilər.
“Imagine” komandası görüş iştirakçılarına hazırladıqları marketinq kampaniyalarının ümumi məzmununu təqdim etdi. Cənab səfir komandanın ərsəyə gətirdiyi layihənin konseptini çox yüksək qiymətləndirdi və onları finalçılardan biri olmaqla qazandıqları nailiyyətə görə təbrik etdi.
Cənab Sekuta komandaya Vaşinqtonda hakimlər qarşısında keçiriləcək son təqdimatda uğur diləməklə yanaşı, vaxtlarını gözəl keçirməyi də tövsiyə etdi. Komandanın lideri xanım Sana İmran “Imagine” komandasına göstərilən dəstək üçün səfirə təşəkkür etdi və bu uğurun gələcəkdə davam etdiriləcəyinə söz verdi.
Görüşün sonunda səfir Robert Sekuta ilə xatirə şəkli çəkildi.
Görüş haqqında məlumat ABŞ-ın Azərbaycandakı Səfirliyinin rəsmi Facebook səhifəsində yerləşdirilmişdir:https://www.facebook.com/baku.usembassy/.