2016-cı il iyunun 9-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı “Imagine” komandasının üzvləri ilə onların Amerikaya səfərindən öncə görüşdü.
Qeyd edək ki, Xəzər Universitetinin “Imagine” komandası P2P: Ekstremizmə qarşı Mübarizə Proqramında iştirakları çərçivəsində hazırladıqları və həyata keçirdikləri marketinq kampaniyası ilə top 6 finalçıdan biri seçilmişdir. Gənclər üçün olan bu qlobal təşəbbüsün və beynəlxalq müsabiqənin 2016-cı ilin yaz dövründə dünyanın 30 ölkəsindən 100 universitet iştirak edirdi. Bu il Azərbaycandan bu müsabiqəyə 2 universitet qoşulmuşdu.
Seçilən top 6 finalçı komanda 2016-cı ilin iyununda öz kampaniyalarını ABŞ-da (Washington, D.C.) təqdim edəcək. Altı komanda ABŞ Dövlət Departamenti və Facebook şirkətini təmsil edən iki münsiflər heyəti tərəfindən seçilmişdir. Hər iki münsiflər heyəti təqaüd üçün bir-birləri ilə yarışan üç komanda seçmişdilər.
Professor İsaxanlı “Imagine” komandasının üzvlərini qələbə və əldə etdikləri nailiyyət münasibətilə təbrik etdi və onlara ABŞ-da keçirəcəkləri təqdimatda uğurlar arzuladı.