2016-cı il mayın 20-də Xəzər Universiteti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi ilə birlikdə “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) Tempus layihəsi çərçivəsində məlumatlandırıcı seminar həyata keçirdi. Seminarın əsas məqsədi iştirakçılara ESFİDİP layihəsi və əlilliyi olan şəxslərin təhsil almaları üçün altı ali təhsil müəssisəsində yaradılmış “Əlilliyi olan Tələbələr üçün Mərkəz” haqqında məlumat vermək idi. Tədbirdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri, Xəzər Universitetinin nümayəndələri (layihə koordinatoru Rima Məmmədova, Humanitar və sosial elmlər fakülətisinin dekan müavini Mələk Kərimova və Dillər və mədəniyyətlər departamentinin müdiri Elnurə Əzizova), Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, digər ali təhsil müəssisələrinin (Qafqaz Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kooperasiya Universiteti və s.), qeyri-hökumət təşkilatlarının və Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin nümayəndələri və əlilliyi olan tələbələr iştirak edirdilər.