Mayın 6-da “Dünya” məktəbində görkəmli ingilis dramaturqu Vilyam Şekspirin vəfatının 400 illiyi münasibətilə “Şekspir Azərbaycanda – qaranlıqdan doğan həqiqət” adlı tamaşa nümayiş olundu.
Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə hazırlanan tamaşada xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova iştirak edirdilər.
Tamaşa Şərq və Qərb düşüncə tərzindəki oxşar və fərqli cəhətlər, rəmzlər, insan, cəmiyyət, eşq, azadlıq, mənəvi dəyərlər üzərində qurulmuşdu. Şekspirin yaradıcılığı fonunda Şərq ədəbiyyatının, o cümlədən poeziyasının tanınmış nümayəndələrinin yaradıcılığına müraciətlər olunur, mahiyyəti etibarilə eyni məzmun daşıyan əsərlərin qəhrəmanlarının yaşantıları əlaqələndirilirdi.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili akademik İsa Həbibbəyli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdüri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, şair Ramiz Rövşən, rejissor Ramiz Həsənoğlu, millət vəkilləri, ölkənin ədəbi ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak edirdilər.