2016-cı il mayın 4-də Xəzər Universitetində “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsinin müşaviri Reijo Aholainen ilə görüş keçirildi. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, universitetin rektoru Dr. Hasan Niknafs, İnkişaf üzrə direktor Raziyə İsayeva və Biologiya departamentinin rmüdiri İradə Xəlilova iştirak edirdilər. Görüşün əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və yaxşılaşdırılması məsələsini müzakirə etmək və tövsiyələr vermək idi.
Görüşdə Keyfiyyətin Təminatı Mərkəzinin rəhbəri Lyudmila Sotova mərkəzin fəaliyyəti barədə təqdimat etdi. Sonra isə Magistratura, Doktorantura və Elmi İşlər Şöbəsinin direktoru Eldar Şəhgəldiyev doktoranturada təhsilin keyfiyyətinin yüksəldilməsinə dair tövsiyələrini verdi.
Görüş nəticəsində gələcəkdə daha sıx əməkdaşlıq etmək və növbəti görüşlərin keçirilməsi qərara alındı.
Qeyd edək ki, Tvinninq layihəsinin ümumi məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsi, Boloniya prosesinə aid siyasətin inkişaf etdirilməsi, Avropa ali təhsil məkanının məqsədlərinin və əsas alətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyatı qurumların institusional imkanlarının artırılmasıdır.