2016-ci il aprelin 29-u və 30-da “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində təlim-seminarlar keçirildi. Təlim-seminarların əsas məqsədi Lənkəran Dövlət Universitetinin inzibati işçi, müəllim və tələbə heyətinə əlillik, onun xüsusiyyəti, modelləri, bu haqda qanunvericilik, inkluziv təhsil və əlilliyi olan tələbələrlə etik davranış və dərs metodları haqqında məlumat vermək idi.
Təlim seminarlar üç hissədən ibarət idi. Birinci hissədə təlimçi Mələk Kərimova (Humanitar və sosial elmlər fakültəsinin dekan müavini) Lənkəran Dövlət Universitetinin müəllim heyətinə, ikinci hissədə isə təlimçi Rima Məmmədova (layihə rəhbəri və Əlilli olan Tələbələr üçün Mərkəzin koordinatoru) universitetinin inzabati işçilərinə təlim keçdilər. Təlim-seminarların sonunda mövzu ətrafında sual-cavab oldu, iştirakçılar öz fikirlərini və təkliflərini irəli sürdülər.
Təlim-seminarın üçüncü hissəsi aprelin 30-da davam etdirildi. Təlimçilər Bəybala İbadullayeva (Əlil Təşkilatları İttifaqının vitse-prezidenti), Saraya Səfəralıyeva (Əlil Təşkilatları İttifaqının əməkdaşı) və rima Məmmədova Lənkəran Dövlət Universitetində təhsil alan tələbə heyəti üçün təlimlər keçdilər. Mövzu tələbələr arasında çox maraqla qarşılandı və çoxlu müzakirələr keçirildi. Tələbələr tərəfindən təlimçilərə çoxlu suallar və təkliflər verildi.
Günün ikinci yarısında təlimçilər və Lənkəran Dövlət Universitetinin layihə üzrə işçi qrupunun üzvləri Ramiz Şaməmmədov, Kamran Kazımov, Aynur Bünyadova, Ülvi Məhərrəmov və Zur Məmmədov Lənkəran Dövlət Universitetinin rektor vəzifəsini icra edən professor Nizami Yusubovla görüşdülər. Professor Nizami Yusubov layihə iştirakçılarını salamladı və son dövrdə universitetdə aparılan işlər haqqında, o cümlədən beynəlxalq əlaqələr sahəsində görülən və görüləcək işlər haqqında geniş məlumat verdi. O, layihənin respublika üçün xüsusi əhəmiyyətini qeyd etməklə yanaşı, Lənkəran Dövlət Universitetində fəaliyyət göstərəcək mərkəzin bütövlükdə cənub bölgəsi üçün görəcəyi işlərin əhəmiyyətini də vurğuladı.