2016-ci il aprelin 28-də Xəzər Universitetinin “Neftçilər” kampusunun “Mərmər” zalında kursu bitirən 64 məzuna sertifikat təqdim olunması münasibətilə mərasim keçirildi. Mərasimi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, kursun əhəmiyyətindən danışdı, Xəzər Universitetinin ümumitəhsil sisteminə və gələcək direktorlara daima dəstək olmağa hazır olduğunu qeyd etdi və məzunlara bu məsuliyyətli işdə uğurlar arzuladı. Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs isə çıxışında təhsil sahəsində islahatların zəruriliyindən danışdı. Sonra sertifikatların təqdim olunması mərasimi başlandı. Sertifikatları professor Hamlet İsaxanlı, Dr. Hassan Niknafs, universitetin prorektorları – Məhəmməd Nuriyev və İsaxan İsaxanlı təqdim etdilər.
Xatirə şəkilləri çəkildi.
Kursu bitirənlər adından Nizami Fətəliyev, Alı Məmmədov və Aynurə Müseyibli çıxış edərək, layihə rəhbəri – Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevaya, layihə koordinatoru – Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədovaya və layihənin digər təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Aynurə Müseyibli “Xəzər”ə həsr etsiyi şeiri oxudu:
Xəzər qucaq açdi gəlişimizə,
Gozəl xatirələr yaşatdı bizə.
Görüb gözəlliyi sevindi ürək.
Hamlet bəy, biz sizə 100 yaşa deyək.
Bütün dəyərlərin qanunluğunu,
Akif müəllim dedi hüquqdur sonu.
Ömrümüz yazılsın hər ötən ana,
Təşəkkür söyləyək Elza xanıma.
Sağlam gələcəyə qurbandır canım,
Haqqını halal et, Raziyə xanım.
Hərəmiz yad idik burada qaldıq,
Xəzərdə görüşüb mehriban olduq.
Bu gün təltif ücün durduq yan-yana
Dostlar, layiq olaq Azərbaycana.
Bizləri gozləyir zirvələr hələ,
İlhamla biz gedek gələcəyə.
Sonda tədbir iştirakçılarına Xəzər Universiteti Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.
Bu kurs Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə Xəzər Universitetində həyata keçirilən potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə 3-cü turunu başa vurmuşdur.
Təlimin əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun olaraq məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir.
Üç aylıq kursun məşğələlərində iştirakçıların təqdimatları olmuş, müzakirələr və söhbətlər aparılmışdır. Onlar kursun çox əhəmiyyətli olduğunu, əldə etdikləri nəzəri və təcrübi bilikləri öz işlərində tətbiq edəcəklərini bildirmişlər.