Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi Universitetin rektorunun 30 sentyabr 2020-ci il tarixli U/290 nömrəli əmrinə əsasən, magistratura ve doktorantura səviyyəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı mütəxəssislərin, elmi ve elmi-pedaqoji kadrların hazırlanması məqsədilə yaradılmışdır.
ÜMUMİ STRATEGİYASI
Təbiət elmləri, Sənət və Texnologiya yüksək fakültəsi Xəzər Universitetinin struktur bölməsi olmaqla magistratura və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində yüksəkixtisaslı mütəxəssislərin, habelə elmi və elmi-pedaqoji kadrların hazırlanmasının idarə edilməsini və koordinasiyasını həyata keçirir.
Fakültə öz vəzifəsini yerinə yetirərkən magistr və fəlsəfə doktoru hazırlığı haqqında Universitetin daxili qaydalarının, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş müvafiq qayda və qərarların, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinin (Azərbaycan Respublikası Prezidentinin 2019‐cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə) yerinə yetirilməsinə ciddi nəzarət edir;
Fakültə, Universitetdə magistr, doktorant və dissertantların hazırlanması sahəsində tədris prosesinə, onların tezis və dissertasiya işlərinin hazırlanmasına və müdafiəsinə nəzarət edir, həmçinin onları müvafiq qanunvericiliyə uyğun şəkildə təşkil edir.
ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR
Fakültənin əsas məqsədi ölkənin davamlı inkişafı üçün zəruri və əhəmiyyətli olan ixtisaslar üzrə sərbəst fəaliyyət göstərə biləcək mütəxəssislərin, habelə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır.
Fakültənin əsas vəzifəsi digər müvafiq qurumlarla birgə magistr, doktorant və dissertantların qəbulunu təşkil etmək, onların keyfiyyətli təhsilinə, tədqiqat fəaliyyətlərinə, peşəkar inkişafına və elmi işlərinə yardım göstərməkdir.
Fakültə, Universitetdə magistr, doktorant və dissertantların hazırlanmasına, tədris prosesinin keyfiyyətli təşkilinə, tezis və dissertasiya işlərinin müdafiəsinə nəzarət edir və bütün proseslərin müvafiq qanunvericiliyə uyğun şəkildə təşkil olunmasına dəstək verir.
FƏALİYYƏTLƏR
Magistratura ixtisaslarının proqram və prosedurları ilə bağlı fəaliyyətlərə aşağıdakılar daxildir:
- Departament müdirləri ilə birgə magistratura üçün qəbul prosedurlarını hazırlamaq və elan etmək;
- Departament müdirləri ilə birgə yeni ixtisasların açılması üçün zəruri proqram və proseduraları hazırlamaq və elan etmək;
- Magistratura təhsilinin yüksək səviyyədə həyata keçirilməsini təşkil etmək;
- Magistrant üçün fərdi tədris planı tərtib olunmasına nəzarət etmək;
- Təsdiq olunmuş fərdi tədris planı əsasında tədrisin həyata keçirilməsinə nəzarət etmək;
- Magistraturaya qəbul olan hər bir tələbə üçün departament tərəfindən elmi rəhbər təyin edilməsini təmin etmək;
- Magistratura tələbələrinin tədqiqat yönümlü dissertasiya işinin aparmasına şərait yaratmaq və nəzarət etmək;
- Magistrantların mid-term və semestr imtahanlarının təşkili və keçirilməsi işini həyata keçirmək;
- Departamentlər ilə birgə əməkdaşlıq edərək tezis müdafiəsi komissiyasının yaradılması və fəaliyyətində iştirak etmək;
- Magistrantların dissertasiya işlərinin plagiat yoxlamasını təşkil etmək;
- Magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin etmək;
- Digər fakültə dekanları və departament müdirləri ilə birgə hər bir magistr dərəcə proqramı üzrə məzunluq komitələrinin yaradılmasında iştirak etmək.
- Magistraturaya aid bütün proqram və prosedurları Təhsil Nazirliyi və Universitet xarici digər əlaqədar qurumlarla əlaqələndirmək və tələb edilən sənədlərin vaxtında göndərilməsini təşkil etmək;
- Magistrantların dissertasiya işlərinin uyğun departamentlərdən əldə edilərək fakültədə saxlanılması və Xəzər Universitetinin Kitabxana bazasına təqdim olunmasını təmin etmək;
- Magistrantlar haqqında funksional məlumat bazası hazırlamaq və yeniləməklə davamlı saxlanılmasını həyata keçirmək.
Doktorantura və dissertantura ixtisaslarının proqram və prosedurları ilə bağlı fəaliyyətlərə aşağıdakılar daxildir:
- Fəlsəfə doktoru hazırlığı üzrə müvafiq ixtisaslara tələbatlara uyğun olaraq digər fakültələrdən daxil olmuş məlumatlar əsasında qəbul planı layihəsi hazırlayaraq yerlərin alınması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlamaq;
- Universitetin müvafiq fakültələrinin departamentləri ilə birgə fəlsəfə doktoru hazırlığı üzrə yeni ixtisasların açılması üzrə proqram və proseduraları hazırlamaq;
- Fəlsəfə doktoru hazırlığı üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş plan yerlərinə uyğun müsabiqənin keçirilməsi haqqında elanlar vermək və bu məsələ ilə bağlı tələblərin yerinə yetirilməsi üçün müvafiq qurumlarla əlaqəli iş aparmaq;
- Müvafiq qaydalara uyğun olaraq akademik departamentlərlə koordinasiya olunmuş şəkildə doktorantura və dissertanturaya qəbulu təşkil etmək;
- Doktorantura və dissertanturaya aid bütün proqram və prosedurları Təhsil Nazirliyi və Universitet xarici digər əlaqədar qurumlarla (Ali Attestasiya Komissiyası, Milli Elmlər Akademiyası, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və s.) əlaqələndirmək və tələb edilən sənədlərin vaxtında göndərilməsini təşkil etmək;
- Hər akademik ilin sonunda doktorant və dissertantların illik attestasiyasını təşkil etmək və təhlilini aparmaq;
- Doktorant və dissertantların minimum imtahanlarının təşkili və keçirilməsi işinə nəzarət etmək;
- Digər fakültə və departamentlərlə birgə fəlsəfə doktoru dissertasiyalarının ilkin müzakirəsinin keçirilməsi üçün komissiyanın yaradılması və fəaliyyətində iştirak etmək;
- Doktorant və dissertantlarların dissertasiya işlərinin plagiat yoxlamasını təşkil etmək;
- Doktorant və dissertantların elmi işlərinin uyğun departamentlərdən əldə edilərək bölmədə saxlanılması və Xəzər Universitetinin Kitabxana bazasına təqdim olunmasını təmin etmək;
- Doktorant və dissertantlar haqqında funksional məlumat bazası hazırlamaq və yeniləməklə davamlı saxlanılmasını həyata keçirmək.