Xəzər Universiteti, Avropa Universitetlərinin Davamlı Təhsil Şəbəkəsinin (EUCEN) koordinotoru olduğu “21-ci əsrdə universitetdən əmək bazarına: iş əsaslı yerləşdirmələrdə bir addım irəli”- UniLab adlı Erasmus+ layihəsinin tərəfdaşıdır.
Xəzər Universiteti Fokus Müzakirə Qrupu adı altında universitet-biznes əməkdaşlığının genişləndirilməsi, tələbələrin təcrübə proqramlarının təşkili və maraqlı tərəflərin ehtiyaclarına uyğun olaraq universitet kurikulumlarının yenidən hazırlanması mövzusunda silsilə müzakirələr keçirməyi nəzərdə tutur. Bu silsilədən olan ilk tədbir 30 noyabr 2020-ci il tarixində saat 15:00-da MS Teams proqramı vasitəsilə keçiriləcəkdir.
Təmsil etdiyiniz qurumun nümayəndəsini həmin tədbirdə iştirak etməyə dəvət edirik. Tədbirdə iştirakınızı 27 noyabr 2020-ci il tarixinə qədər ubayramova@khazar.org ünvanına yazmaqla təsdiqləməyinizi xahiş edirik.
Tədbir haqqında əlavə məlumat almaq üçün Xəzər Universiteti İnkişaf mərkəzinin əməkdaşı Ülkər Bayramova ilə (ubayramova@khazar.org), 421 10 93 – 249) ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, layihənin əsas məqsədi universitet-biznes əməkdaşlığının genişləndirilməsi, məzunların işə əsaslanan tədrisini təşviq etməyə yönəlmiş dəstək siyasəti, hüquqi baza və innovativ praktiki yerləşdirmə UniLab modelini həyata keçirmək və inkişaf etdirməklə işə qəbulu təmin etməkdir. Azərbaycanda ilk dəfə təşkil olunacaq UniLab (universitet-əmək bazarı) layihəsi, ölkəmizin müəssisə və ali təhsil müəssisələri arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün həm də ali təhsil sektorunun modernləşdirilməsinə töhfə vermək məqsədi daşıyır. Layihənin Azərbaycandan olan digər tərəfdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir.